Hollandiyada məscidlərə nifrət dolu məktublar
Hollandiyanın müxtəlif şəhərlərində yerləşən 9 məscidə qan ləkələri olan və İslam əleyhinə ifadələr ehtiva edən məktublar göndərilib. Bu barədə məlumatı ölkənin ictimai yayım şirkəti NOS yayıb.
Məlumata görə, Rotterdam, Eindhoven, Arnhem, Tilburg və Haaqa şəhərlərindəki məscidlərə göndərilən məktublarda həmçinin İslam peyğəmbəri Məhəmməd peyğəmbərə (s) qarşı təhqiramiz ifadələr və karikaturalar yer alıb.
İslami qurumlardan xəbərdarlıq
Təxminən 250 məscidi birləşdirən K9 İslami platformasının sözçüsü Yoram van Klaveren hadisə ilə bağlı açıqlama verib. O, bunun açıq şəkildə “təhdid və sindirmə” cəhdi olduğunu vurğulayıb.
Van Klaveren bildirib ki, Rotterdamdakı bir məscidə göndərilən məktubda “Avropada İslamın son günlərindən” bəhs olunub. Onun sözlərinə görə, bu, cəmiyyət üçün ciddi təhlükə siqnalıdır:
“Məscid icmaları məktublar qarşısında şok yaşayır. Biz keçmişdə məscidlərə qarşı edilən hücumları unutmadıq. Bu məktubların daha genişmiqyaslı təxribatların hazırlıq mərhələsi olmamasını ümid edirik. Çox vaxt təhdidlər telefon zəngləri və məktublarla başlayır. Bizə göndərilən yazılarda isə olduqca narahatedici ifadələr var.”
Təhlükəsizlik tədbirlərinin artırılması çağırışı
Van Klaveren əlavə edib ki, Hollandiyadakı məscidlər uzun müddətdir müxtəlif formalarda nifrət hücumları ilə üzləşirlər. O, hakimiyyəti və hüquq-mühafizə orqanlarını daha sərt təhlükəsizlik tədbirləri görməyə çağırıb:
“Məscidlərin və dindarların təhlükəsizliyini təmin etmək üçün daha güclü addımlar atılmalıdır. Bu, sadəcə məktub deyil, açıq-aşkar nifrət mesajıdır.”
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.