az.rasthaber.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu, fələstinlilərin Qəzzəni tərk etməsinin onların əsas hüququ olduğunu iddia edib.
Netanyahu “Abu Ali Express” kanalına verdiyi müsahibədə bildirib:
“Qəzzədən ayrılmaq hər bir fələstinlinin əsas haqqıdır. Mən Rəfah sərhəd-keçid məntəqəsini onların çıxışı üçün aça bilərəm, amma Misir tərəfi dərhal bağlayacaq.”
O, həmçinin əlavə edib ki, Qəzzənin yenidən qurulması üçün müxtəlif planlar var, lakin “əhalinin yarısı Qəzzəni tərk etmək istəyir. Bu, kütləvi deportasiya deyil.”
Netanyahu, ABŞ prezidenti Donald Tramp ilə demək olar ki, hər məsələdə eyni fikirdə olduqlarını desə də, bununla bağlı əlavə açıqlama verməyib.
İsrailin Kanal 14 televiziyasının məlumatına görə, yaxın günlərdə başlanacaq “Gideon’un Arabaları 2” əməliyyatı geniş hava hücumunu, ardınca isə Qəzzə şəhərinin tam nəzarət altına alınmasını və fələstinlilərin çıxarılmasını hədəfləyəcək.
İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir əməliyyatın rəsmi şəkildə başladığını açıqlayıb. Qəzzədə son dörd həftədir davam edən hücumlar nəticəsində minlərlə insan yaralanıb, 1000-dən çox fələstinli həyatını itirib.
Misir rəhbərliyi isə İsrailin fələstinliləri istənilən bəhanə altında — məcburi və ya “könüllü” — Qəzzə və İordan çayının qərb sahilindən köçürmək planlarını qətiyyətlə rədd etdiyini bildirib.
Qahirə daha əvvəl Fələstin xalqını yerlərindən etmədən Qəzzənin yenidən qurulmasına dair “Ərəb planı” təklif etmişdi. Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənən bu planın 5 il ərzində həyata keçirilməsi və maliyyətinin 53 milyard dollar olması nəzərdə tutulur.
Tel-Əviv isə əksinə, Trampın Qəzzəni “idarəetməyə götürmə” və fələstinliləri köçürmə planını dəstəkləyərək Misirin təklifinə qarşı çıxıb.