İran İqtisadi Müharibəyə Səfərbər Olur: SEPAH Hökumətlə Birləşir

3 Dəq Oxuma Müddəti

SEPAH: Əsas mübarizə cəbhəsi iqtisadiyyatdır

İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH hazırkı mərhələdə düşmənlə qarşıdurmanın əsas cəbhəsinin iqtisadiyyat olduğunu açıqlayıb.

SEPAH yaydığı bəyanatda iqtisadi müharibə və çoxşaxəli sanksiyalara qarşı İran hökuməti ilə strateji əməkdaşlığa tam hazır olduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, iqtisadi təzyiqlərin əsas məqsədi İran cəmiyyətində ümidsizlik yaratmaq, əhalinin yaşayış səviyyəsinə təzyiq göstərmək və ictimai etimadı zəiflətməkdir.

SEPAH hesab edir ki, bunun üçün müxtəlif istiqamətləri əhatə edən sanksiya mexanizmlərindən istifadə olunur.

“Hökumətlə əməkdaşlıq sanksiyaları aşmağın açarıdır”

SEPAH hökumətlə koordinasiyalı fəaliyyətin mövcud iqtisadi təzyiqlərin qarşısının alınmasında həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Qurumun mövqeyinə görə, hökumətlə SEPAH arasında qarşılıqlı fəaliyyət və imkanların birləşdirilməsi ölkənin çoxşaxəli sanksiyaların təsirini azaltmasına və milli dayanıqlılığını gücləndirməsinə imkan verə bilər.

Bəyanatda hökumətin müxtəlif strukturlarının fəaliyyəti də xüsusi qeyd olunub.

İqtisadiyyat, ticarət, neft, sənaye, kənd təsərrüfatı, bank sektoru və diplomatiya sahələrində həyata keçirilən tədbirlərin sanksiyaların təsirinin zəiflədilməsində mühüm rol oynadığı bildirilib.

Əsas malların təminatı və inflyasiya ön plana çıxır

SEPAH-a görə, iqtisadi mübarizənin əsas istiqamətlərindən biri daxili bazarda sabitliyin qorunmasıdır.

Bu çərçivədə əsas istehlak mallarının təmin edilməsi, inflyasiyanın nəzarətdə saxlanılması, məşğulluğun artırılması və bazarın idarə olunması hökumətin qarşısında duran əsas vəzifələr sırasında göstərilib.

Qurum dövlət strukturlarının fasiləsiz və əlaqələndirilmiş fəaliyyətinin iqtisadi təzyiqlərin nəticələrinin minimuma endirilməsi baxımından vacib olduğunu vurğulayıb.

SEPAH raket istehsalının davam etdiyini açıqladı

SEPAH-ın sözçüsü briqada generalı Hüseyn Möhəbbi isə İranın hərbi imkanları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Onun sözlərinə görə, İranın raket potensialının gücləndirilməsi və raketlərin istehsalı fasiləsiz şəkildə davam edir.

Möhəbbi həmçinin qarşıdurma nəticəsində İranın rəqiblərinin strateji silah ehtiyatlarının azaldığını iddia edib. O, bunu Tehran üçün hərbi qarşıdurmanın mühüm nəticələrindən biri kimi qiymətləndirib.

“ABŞ qarşıdurmanı iqtisadi cəbhəyə keçirib”

SEPAH sözçüsünün fikrincə, İranın hərbi imkanlarının üzə çıxmasından sonra ABŞ qarşıdurmanın istiqamətini dəyişərək iqtisadi təzyiqləri gücləndirməyə başlayıb.

Vaşinqton isə İrana qarşı iqtisadi məhdudiyyətləri daha da sərtləşdirəcəyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl Tehrana qarşı son dərəcə geniş iqtisadi təzyiq tədbirlərinin tətbiq ediləcəyini bildirmişdi. O, İranın iqtisadi əlaqələrinin məhdudlaşdırılacağını və Tehranla əməkdaşlığı davam etdirən ölkə və qurumların da iqtisadi nəticələrlə üzləşə biləcəyini söyləmişdi.

İran sanksiyalara qarşı daxili imkanlarını birləşdirir

Tehran isə ABŞ-nin yeni iqtisadi təzyiqləri fonunda dövlət qurumları arasında koordinasiyanı artırmağa çalışır.

SEPAH-ın son bəyanatı göstərir ki, İran rəhbərliyi iqtisadi təzyiqləri yalnız maliyyə və ticarət məsələsi deyil, daha geniş milli təhlükəsizlik problemi kimi qiymətləndirir.

Bu yanaşmaya əsasən, hökumətin iqtisadi strukturları ilə SEPAH arasında əməkdaşlığın gücləndirilməsi sanksiyalara qarşı mübarizənin əsas istiqamətlərindən birinə çevriləcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş