NATO üçün kritik mərhələ
ABŞ prezidenti Donald Trumpın NATO-dan çıxmaqla bağlı açıqlamaları alyansın gələcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Analitiklər bildirir ki, bu, 76 illik hərbi blok üçün ən kritik dövrlərdən biridir.
Xüsusilə İranla bağlı müharibə fonunda yaranan fikir ayrılıqları ABŞ ilə Avropa müttəfiqləri arasında münasibətləri daha da gərginləşdirib.
Hörmüz böhranı fikir ayrılığını dərinləşdirdi
Məlumata görə, Tramp Avropa ölkələrinin Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün hərbi dəstək göstərməkdən imtina etməsindən narazıdır.
Bu vəziyyət ABŞ rəhbərliyində alyansın “birtərəfli münasibətə” çevrildiyi fikrini gücləndirib.
“Ən pis vəziyyət”
Ekspertlər hesab edir ki, NATO tarixində ən çətin mərhələlərdən birini yaşayır.
ABŞ Dövlət Departamentinin sabiq rəsmisi Max Bergmann bildirib ki, alyans hazırda “yarandığı gündən bəri ən zəif vəziyyətdədir”.
Avropada pessimizm artır
Avropa ölkələri arasında da NATO-nun gələcəyi ilə bağlı pessimist fikirlər güclənir. Bir çox siyasətçi hesab edir ki, alyans əvvəlki kimi fəaliyyət göstərməyə bilər.
Fransanın keçmiş baş qərargah rəisi François Lecointre qeyd edib ki, NATO vacib olaraq qalır, lakin Avropa ABŞ-sız ssenarilərə də hazır olmalıdır.
Hüquqi maneələr var
ABŞ qanunvericiliyinə görə, prezidentin NATO-dan çıxması üçün Senatın üçdə iki səs çoxluğu tələb olunur. Bu isə praktik olaraq çox çətin bir proses hesab edilir.
Lakin ekspertlər bildirir ki, Tramp rəsmi çıxış etmədən də alyansı zəiflədə bilər – məsələn, ABŞ ordusunun müttəfiqləri müdafiə etməyəcəyini bəyan etməklə.
Münasibətlərdə çatlar
Son aylarda Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və Rusiya siyasəti də Avropa ilə münasibətləri gərginləşdirib.
Eyni zamanda ABŞ və Avropa rəsmiləri arasında diplomatik gərginliklərin artdığı qeyd olunur.
NATO əvvəlki kimi olmayacaq
Analitiklərin fikrincə, hətta ABŞ və Avropa arasında kompromis əldə olunsa belə, NATO artıq əvvəlki kimi güclü və vahid blok olmayacaq.
Keçmiş ABŞ diplomatı Julianne Smith bu vəziyyəti “80 illik əməkdaşlıq dövrünün sonu” kimi qiymətləndirib.
