Trampdan Qəzza üçün 10 Milyardlıq Plan

2 Dəq Oxuma Müddəti

“Sülh Şurası”nın ilk iclası

ABŞ Prezidenti Donald Trump Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasına sədrlik edib. Toplantıda müxtəlif ölkələrin liderləri və nümayəndələri, eləcə də Qəzza zolağının idarə olunması üçün yaradılmış texnokrat komitəsinin rəhbəri Əli Şaəs iştirak edib.

Tramp çıxışında Qəzzadakı vəziyyəti “mürəkkəb” adlandıraraq, əldə olunan irəliləyişin “əla” olduğunu bildirib. Onun sözlərinə görə, “Sülh Şurası” təsir gücü baxımından ən mühüm platformalardan biridir.

Qəzza üçün milyardlıq vəsait

Tramp qeyd edib ki, bir sıra ölkələr Qəzza üçün 7 milyard dollardan çox məbləğdə yardım ayırıb. O, əlavə olaraq 10 milyard dolların “Sülh Şurası” vasitəsilə təqdim ediləcəyini açıqlayıb. ABŞ lideri Yaponiyanın da Qəzza üçün vəsait toplamağı öhdəsinə götürdüyünü vurğulayıb.

Prezident bildirib ki, məqsəd Qəzza əhalisinin və ümumilikdə region xalqlarının sülh şəraitində yaşamasına nail olmaqdır.

HƏMAS və silah məsələsi

Tramp çıxışında HƏMASın silahı təhvil verəcəyinə dair vəd verdiyini söyləyib və bu öhdəliyin yerinə yetirilməsini gözlədiklərini bildirib. O, əks halda sərt tədbirlərin görüləcəyini istisna etməyib.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof isə “etibarlı vasitəçi” kimi qiymətləndirərək onun Qəzzada sülh istiqamətində “müstəsna iş” gördüyünü qeyd edib.

İran və nüvə sazişi

Tramp həmçinin İranla bağlı danışıqlara toxunub. O bildirib ki, növbəti on gün ərzində Tehranla razılaşmanın mümkün olub-olmayacağı bəlli olacaq. Prezident İranı saziş imzalamağa çağıraraq, əks halda “xoşagəlməz hadisələrin baş verə biləcəyini” deyib.

Digər mövzular

ABŞ lideri Hindistan və Pakistanı razılığa gəlmədikləri təqdirdə 200 faiz gömrük rüsumu tətbiq etməklə hədələdiyini açıqlayıb. O, Çin və Rusiya prezidentləri ilə münasibətlərin yaxşı olduğunu da vurğulayıb.

Tramp Livan məsələsinə də toxunaraq bu problemin “hazırda görülən işlər fonunda kiçik məsələ” olduğunu bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş