İran Avropa Ordularını Terrorçu Siyahısına Saldı

2 Dəq Oxuma Müddəti

Avropa Parlamentinin qərarına rəsmi reaksiya

İran İslam Respublikasının Məclisi Avropa Parlamentinin İnqilab Keşikçiləri Korpusunu “terror təşkilatı” kimi tanımasına sərt reaksiya verib. Məclisin sədri Məhəmməd Baqir Qalibaf bu gün – bazar günü keçirilən plenar iclasda çıxışı zamanı sözügedən qərarı qınayıb və bunun siyasi sifariş xarakteri daşıdığını bildirib.

Qalibaf vurğulayıb ki, Avropa Parlamentinin qərarı “amerikalı ağaların razılığını qazanmağa yönəlib və Avropa xalqlarının maraqlarına xidmət etmir”. Onun sözlərinə görə, İran xalqı İnqilab Keşikçilərini ölkənin silahlı qüvvələrinin ayrılmaz hissəsi hesab edir.

Avropa orduları “terror təşkilatı” kimi tanındı

Məclis sədri çıxışı zamanı bildirib ki, Avropa Parlamentinin “səhv və düşmən mövqeyinə” cavab olaraq İran Məclisi Avropa ölkələrinin ordularını terror təşkilatları siyahısına daxil edib. Bu qərarın rəsmi şəkildə qəbul olunduğu və müvafiq strukturlara bildirildiyi açıqlanıb.

Qalibaf qeyd edib ki, Tehran bu addımı öz milli təhlükəsizliyini və silahlı qüvvələrinin nüfuzunu qorumaq məqsədilə atıb.

Simvolik etiraz: deputatlar hərbi geyimdə

İclas zamanı İran Məclisinin üzvləri İnqilab Keşikçiləri Korpusunun hərbi geyimində iştirak ediblər. Deputatlar Keşikçilərə dəstək şüarları səsləndirib, Avropa İttifaqının qərarlarını pisləyən bəyanatlar veriblər. Bu addım siyasi müşahidəçilər tərəfindən rəsmi Tehranın qəti mövqeyinin nümayişi kimi dəyərləndirilib.

Avropa İttifaqının mövqeyi

Qeyd edək ki, Avropa İttifaqı İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil edib. Bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib. Sözügedən qərar Tehran–Brüssel münasibətlərində gərginliyi daha da artırıb.

İran ordusundan və məhkəmə hakimiyyətindən sərt mesaj

İran ordusu da Avropa İttifaqının qərarını pisləyərək rəsmi bəyanat yayıb. Bəyanatda bildirilib ki, ordu İnqilab Keşikçiləri Korpusunun yanında dayanır və terrorizmə, eləcə də onu dəstəkləyən qüvvələrə qarşı mübarizəni davam etdirəcək.

Eyni zamanda, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini Ejeyi də açıqlama verərək bu addımın cavabsız qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqının düşmən mövqeyi İranın hüquqi və siyasi cavab tədbirləri ilə qarşılanacaq.

Gərginlik yeni mərhələyə keçir

Müşahidəçilərin fikrincə, qarşılıqlı qərarlar İranla Avropa İttifaqı arasında münasibətləri daha da gərginləşdirəcək. Xüsusilə təhlükəsizlik və diplomatik müstəvidə atılan bu addımlar tərəflər arasında dialoqun gələcəyini sual altına qoyur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş