İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirilən həftəlik mətbuat konfransında ABŞ-nin siyasətlərini sərt şəkildə tənqid edərək, bu əməllərin İran xalqı üçün ağır bədəllər doğurduğunu vurğulayıb.
Bəqai 18 yanvar, bazar günü günortadan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
ABŞ-nin Beynəlxalq Məsuliyyəti və Şəhidlərin Qanı
Bəqai Trampın İran xalqına qarşı törətdiyi cinayətlərin təqibi ilə bağlı belə deyib:
“Beynəlxalq hüququn əsas prinsipinə görə, hər bir qanunsuz əməl cavabsız qalmamalıdır. ABŞ-nin son bir neçə onillikdəki əməlləri Xarici İşlər Nazirliyi tərəfindən sənədləşdirilib və Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub. Bəzi hallarda ABŞ-nin əməlləri birbaşa İran vətəndaşlarının şəhadətinə səbəb olub. General Süleymaninin şəhadəti açıq-aydın beynəlxalq cinayət idi; eynilə son ‘12 günlük müharibə’də şəhid olan vətəndaşlarımız kimi.”
Gərginliyin Mənbəyi ABŞ-dir
Əraqçi ilə Vitkoff arasında Davosda keçiriləcəyi iddia edilən görüşün təkzibi ilə bağlı xəbərləri “Qərb mediasının spekulyasiyası” adlandıran Bəqai bildirib:
“İran və ABŞ arasındakı gərginliyin məsuliyyəti ABŞ-nin üzərinə düşür. Gərginliyin artırılması ABŞ-nin ‘şeytani’ siyasətinin bir hissəsidir. Diplomatiyadan danışdıqları zaman əslində nəzərdə tutduqları ‘diktə etmək’dir.”
Avropanın İkiüzlü İnsan Hüquqları Mövqeyi
Avropa ölkələrinin İrana qarşı sərt mövqeyini qəbuledilməz sayan sözçü deyib:
“Avropa Qəzzədəki soyqırımı görməzdən gəldiyi halda, İran xalqı üçün narahat imiş kimi davranması açıq-aşkar yalandır. Almaniya xarici işlər naziri qadın və uşaqların qətlə yetirilməsini legitimləşdirməyə çalışıb. Bu yanaşma Avropanın beynəlxalq nüfuzunu məhv edir.”
İranın Parçalanması Heç Vaxt Mümkün Olmayacaq
Wall Street Journal qəzetində dərc olunan “İranın parçalanmasına dəstək” mövzulu məqalə ilə bağlı suala Bəkayi belə cavab verib:
“Onların niyyətlərindən şübhəmiz yoxdur. Məqsədləri İranın parçalanması və çökdürülməsidir, lakin bu heç vaxt baş verməyəcək. Bu sınağı keçmişdə dəfələrlə ediblər və hər dəfə uğursuzluğa düçar olublar.”
