BÖLGƏ ÖLKƏLƏRİ AMİLİ
ABŞ–İsrailin birbaşa hərbi əməliyyat ehtimalını zəiflədən (bəlkə də tamamilə aradan qaldıran) daha bir mühüm amil var: Rusiya və Çinlə yanaşı, başda Türkiyə olmaqla region ölkələrinin belə bir hərbi hücuma qarşı çıxması. Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mövqeyini “İrana hərbi müdaxiləyə qarşıyıq” sözləri ilə açıq şəkildə ifadə edib. Fransız xəbər agentliyi AFP Səudiyyə Ərəbistanının rəsmi mənbələrinə istinadən, bu ölkənin İrana qarşı mümkün hücum zamanı öz ərazisini və hava məkanını istifadəyə verməyəcəyini Tehrana bildirdiyini xəbər verib (Al Arabiya, 13 yanvar 2026). Bundan əlavə, Səudiyyə Ərəbistanının İrana qarşı ABŞ hərbi müdaxiləsinin qarşısını almaq üçün Körfəz ölkələri təşəbbüsünə öncülük etdiyi ABŞ mətbuatında yer alıb. Xəbərlərdə Səudiyyə Ərəbistanı, Qətər və Omanın İran rejimini devirmə cəhdinə qarşı mövqelərini ABŞ-yə çatdırdıqları qeyd olunur (WSJ, 13 yanvar 2026). Keçən ilin sentyabrında Səudiyyə Ərəbistanı ilə müdafiə paktı imzalayan Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü də Pakistan ərazilərinin ABŞ hücumu üçün istifadə edilməsinə dair əvvəlcədən müəyyən edilmiş mövqelərinin dəyişmədiyini açıqlayıb (Pakistan XİN mətbuat konfransı, 15 yanvar 2026). ABŞ ilə yaxın münasibətləri olan dövlətlər də daxil olmaqla, region ölkələrinin böyük əksəriyyətinin eyni siyasəti müdafiə etdiyi məlumdur.
İSRAİLİN TƏNHALIĞI
Əslində, mövcud şəraitdə İrana qarşı hərbi əməliyyatın rejimi devirmə hədəfinə çata bilməyəcəyi görünür. ABŞ siyasi elitası arasında belə bir müdaxilənin Qərbi Asiya miqyasında daha genişmiqyaslı qeyri-sabitliklərə yol açacağı və bunun Tramp administrasiyasının ümumi strateji xətti ilə ziddiyyət təşkil edəcəyi qənaəti də mövcuddur (bax: Marc Lynch, ABŞ-nin İrana Hücumu Niyə Əks Təsir Yaradacaq?, Foreign Policy, 14 yanvar 2026). ABŞ administrasiyası daxilində, başda vitse-prezident JD Vance olmaqla, İrana hərbi müdaxiləyə qarşı çıxan təsirli bir qrup da var.
Yəni əslində, Qərbi Asiyada Amerikanın hərbi mövcudluğunu qalıcı hala gətirmək üçün taleyini ABŞ-nin İrana hücumuna bağlayan Netanyahu rəhbərliyindəki İsraildən başqa müharibə istəyən yoxdur.
İsrailin isə, İran küçələrindəki sabitliyi pozma cəhdlərində müəyyənedici rolu olsa da, İranı ram etmək və rejimi dəyişdirmək gücü yoxdur.
Fikret Akfırat
