Reuters agentliyinə danışan diplomatların bildirdiyinə görə, bölgədə artan gərginlik səbəbilə Qətərdə yerləşən ABŞ-a məxsus Əl-Udeyd Hava Bazasında xidmət edən bəzi heyətə axşam saatlarınadək bazanı tərk etmələri tövsiyə olunub.
Britaniyanın Reuters xəbər agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Qətərdə ABŞ ordusuna aid Əl-Udeyd Hava Bazasında çalışan bəzi personalın axşam saatlarınadək bazadan ayrılması tövsiyə edilib. Üç ayrı diplomatın verdiyi məlumata əsasən, bu xəbərdarlıq məcburi təxliyə qərarını deyil, təhlükəsizlik səbəbləri ilə verilmiş ehtiyat tədbiri xarakterli tövsiyəni əhatə edir.
10 min amerikalı hərbçi xidmət edir
Diplomatlardan biri personalın bazanı tərk etməsinə dair çağırışın “əmr edilmiş təxliyə” mahiyyəti daşımadığını, yalnız mövcud təhlükəsizlik qiymətləndirmələri əsasında atılmış bir addım olduğunu bildirib. Eyni mənbə bu tövsiyənin səbəbləri ilə bağlı onlara rəsmi izahat verilmədiyini də qeyd edib. Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazalarından biri olan Əl-Udeyd Hava Bazasında təxminən 10 min amerikalı hərbçinin xidmət etdiyi məlumdur.
Digər tərəfdən, yüksək rütbəli bir iranlı rəsmi də qısa müddət əvvəl Reuters-a verdiyi açıqlamada, ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi müdaxilə mesajlarından sonra Tehran rəhbərliyinin bölgə ölkələrini ABŞ-dan gələ biləcək hücuma cavab olaraq regiondakı ABŞ hərbi bazalarının hədəf alına biləcəyi barədə xəbərdar etdiyini söyləmişdi. Bu açıqlamadan sonra bölgədəki hərbi hərəkətliliyin yaxından izlənildiyi bildirilir.
