2025-ci İldə Ordumuzda Gizli Böhran: 42 Qeyri-Döyüş Ölümü

2 Dəq Oxuma Müddəti

2025: siyasi sərtləşmə və geriləmə ili

Azərbaycan 2025-ci ili həbslərin, repressiyanın və sərtləşən idarəetmənin hökm sürdüyü bir dövr kimi başa vurur. İl ərzində ölkə beynəlxalq təşkilatların hesabatlarında demək olar ki, bütün sahələr üzrə geriləyərək son sıralardakı yerini daha da möhkəmləndirib. Siyasi mühitdə sərt ritorika, müstəqil medianın sıxışdırılması, müxalifət və vətəndaş cəmiyyətinin demək olar ki, iflic vəziyyətə salınması ilin əsas xüsusiyyətləri olub.

“Dəmir yumruq” ritorikası və daxili repressiyalar

İkinci Qarabağ müharibəsi zamanı  İlham Əliyevin tez-tez istifadə etdiyi “dəmir yumruq” ifadəsi zamanla simvolik məna kəsb edib. Müharibədən sonrakı dövrdə bu ritorika faktiki olaraq jurnalistlərə, siyasətçilərə, hüquqşünaslara və hüquq müdafiəçilərinə qarşı aparılan repressiyaların metaforasına çevrilib. Güc balansının artması, hakimiyyətin diqqətini daha çox daxili tənqidçilərə yönəldib.

Ordu daxilində səssiz faciələr

Lakin 2025-ci ilin daha qaranlıq və az müzakirə olunan bir reallığı var: sülh şəraitində, döyüş meydanından uzaqda həyatını itirən hərbi qulluqçular. Dövlətin sərt “dəmir yumruq” ritorikası fonunda ordunun daxilində baş verən ölümlər cəmiyyətin diqqətindən kənarda qalıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci ilin yekununa dair hesabatına əsasən, il ərzində 42 hərbi qulluqçu həyatını itirib. Diqqətçəkən əsas məqam odur ki, əvvəlki illərdən fərqli olaraq, bu il ölənlərin hamısı qeyri-döyüş şəraitində dünyasını dəyişib.

Ölüm səbəblərinin statistikası

Hesabatda göstərilir ki, həlak olan hərbi qulluqçulardan 7 nəfər yol-nəqliyyat və digər qəzalar nəticəsində, 12 nəfər müxtəlif xəstəliklərdən, 7 nəfər bədbəxt hadisələr səbəbindən, 2 nəfər mina partlayışı nəticəsində həyatını itirib. Bundan başqa, 10 hərbi qulluqçunun intihar etdiyi, 2 nəfərin isə qeyri-qanuni münasibətlər zəminində öldüyü bildirilir.

Qeyd olunur ki, intihar və xəstəlik nəticəsində ölənlərin sayı ötən illə müqayisədə dəyişməyib. Bu isə problemin xroniki xarakter daşıdığını göstərir.

İntiharlar niyə araşdırılmır?

Cəmiyyətdə əsas suallardan biri budur: orduda bu qədər intihar halı niyə baş verir və bu hadisələr yetərincə araşdırılırmı? Dövlət qurumları bu ölümlərin səbəblərinin üzə çıxarılmasında nə dərəcədə maraqlıdır?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli  açıqlamasında bildirib ki, əsas problemlərdən biri orduda baş verən hadisələrlə bağlı məlumatların ictimaiyyətə açıqlanmamasıdır. Onun sözlərinə görə, şəffaflığın olmaması həm araşdırmaları çətinləşdirir, həm də eyni problemlərin təkrar-təkrar baş verməsinə şərait yaradır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş