Əbdülməlik Əl-Husi: İsrailin Somalilanddəki Mövcudluğu Hərbi Hədəfdir

2 Dəq Oxuma Müddəti

“İsrailin addımı açıq təcavüzdür”

Əbdülməlik əl-Husi bildirib ki, İsrailin Somalilandı ayrıca qurum kimi tanıması İslam ümmətinə qarşı yönəlmiş təhlükəli planların tərkib hissəsidir. Onun sözlərinə görə, bu addım təkcə Somali və Afrika mühitini deyil, eyni zamanda Yəməni, Qırmızı dənizi və bu dənizə çıxışı olan ölkələri hədəf alır.

Hərəkat lideri vurğulayıb ki, İsrailin bu təşəbbüsü Somalidə möhkəmlənmək və regionda yeni hərbi-siyasi dayaq nöqtəsi yaratmaq məqsədi daşıyır. Bu isə Yaxın Şərqin yenidən formalaşdırılması adı altında ölkələrin parçalanmasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi dəyərləndirilir.

“Bu bəyanatın hüquqi qüvvəsi yoxdur”

Əbdülməlik əl-Husi İsrailin Somalilandla bağlı açıqlamasını hüquqi baxımdan etibarsız adlandırıb. O bildirib ki, bu bəyanat nə haqq, nə də beynəlxalq hüquq baxımından hər hansı dəyərə malikdir və açıq-aşkar düşmənçilik proqramı daşıyır.

Ənsarullah lideri Qırmızı dənizin hər iki sahilində yerləşən ölkələri, eləcə də ərəb və islam dünyasını Somalinin və digər müsəlman, müstəqil ölkələrin İsrail tərəfindən istismar edilməsinin qarşısını almaq üçün real və təsirli addımlar atmağa çağırıb.

Fələstin məsələsinə dəstək çağırışı

Bəyanatda Fələstin xalqına dəstək məsələsinə də xüsusi yer ayrılıb. Əbdülməlik əl-Husi xəbərdarlıq edib ki, Fələstin məsələsində biganəlik İsrailə digər ölkələrə qarşı planlarını genişləndirmək imkanı yaradır. Onun sözlərinə görə, bu təhlükənin qarşısını almaq üçün vahid və prinsipial mövqe vacibdir.

Eyni zamanda, Somalinin suverenliyinə dəstəyin zəruriliyi vurğulanıb. Ənsarullah lideri Somalinin hər hansı hissəsinin İsrail üçün hərbi və ya siyasi dayaq nöqtəsinə çevrilməsinin qəti şəkildə rədd edilməli olduğunu bildirib.

Beynəlxalq reaksiyalar və regional narahatlıq

Xatırladaq ki, dekabrın 26-da İsrail Somalilandı “müstəqil və suveren dövlət” kimi tanıdığını elan edib. Bu addım ərəb və islam dünyasında ciddi etirazlara səbəb olub. 20-dən çox ərəb və islam dövləti, eləcə də Ərəb Dövlətləri Liqası fövqəladə iclasda bu qərarı qınayaraq regional təhlükəsizlik üçün ciddi təhdid adlandırıb.

Media məlumatlarına görə, 2024-cü ilin sonlarında İsrailin Ədən körfəzinə, Qırmızı dənizə və Babül-Məndəb boğazına yaxın ərazilərdə, o cümlədən Somalilanddə hərbi baza yaratmaq niyyətində olduğu barədə xəbərlər yayılmışdı. Bu isə Afrika Buynuzu regionunda geosiyasi gərginliyi daha da artırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş