“Bibi Gate” bəyanatı yayımlandı
Özünü “Handala Hack” adlandıran haker qrupu sionist rejimin baş naziri Benyamin Netanyahunun ən yaxın çevrəsini hədəf alan genişmiqyaslı kibermüdaxilə həyata keçirdiyini iddia edib. Qrupun yaydığı uzun və sərt bəyanatda “Bibi Gate” adlı əməliyyatın başladığı elan olunub və İsrail rəhbərliyinə yaxın şəxslərin illərlə gizli saxladıqları məlumatların artıq ifşa olunacağı bildirilib.
Bəyanat birbaşa Netanyahunun “daxili çevrəsinə” ünvanlanıb və rəsmi şəxslərin hələ də “məxfilik illüziyası”na sığındığı vurğulanıb. Mətn emosional və təhdidedici üslubda yazılıb.
Baş nazirin aparat rəhbəri hədəfdə
Haker qrupunun sözlərinə görə, Netanyahunun aparat rəhbəri, “qapıçı” və ən məxfi məlumatların daşıyıcısı kimi təqdim olunan Tsaxi Bravermanın iPhone 16 Pro Max telefonu sındırılıb. Qrup bildirir ki, bu müdaxilə yeni deyil və illərdir Bravermanın əlaqələri, yazışmaları və danışıqları izlənilib.
Bəyanatda qeyd olunur ki, Braverman Netanyahunun dünyasını idarə edən əsas fiqurlardan biri olub, kimlərin yaxınlaşacağına və kimlərin kənarlaşdırılacağına qərar verib, “çirkli sirləri” toplayıb. Hakerlər isə məhz bu şəxsin indi İsrail rəhbərliyi üçün “ən zəif nöqtəyə” çevrildiyini iddia edirlər.
“Bütün sirlər bizim əlimizdədir” iddiası
“Handala Hack” qrupunun açıqlamasında deyilir ki, onların əlində şifrələnmiş yazışmalar, gizli razılaşmalar, maliyyə və mənəvi sui-istifadələr, vəzifədən sui-istifadə halları, şantaj və rüşvətlə bağlı materiallar mövcuddur. Qrup iddia edir ki, bu məlumatlar illər ərzində toplanıb və indi mərhələli şəkildə üzə çıxarılacaq.
Bəyanatda “Qatar Gate” kimi tanınan qalmaqala da işarə edilir və bu məsələ ilə bağlı indiyədək gizlədilən həqiqətlərin yaxın saatlarda ortaya çıxacağı vurğulanır. Hakerlər səs yazıları, sənədlər və videoların yayımlanacağını bildiriblər.
“Gözləyin və qorxunu hiss edin” mesajı
Mətnin mühüm hissəsi psixoloji təzyiq üzərində qurulub. Qrup İsrail rəsmilərinə “indi heç nə etməməyi, gözləməyi” tövsiyə edərək, qorxunun yavaş-yavaş artacağını iddia edir. Bəyanatda kimin ilk sırada çökəcəyi, hansı sirrin sistemi sarsıdacağı sual altına qoyulur.
Hakerlər Netanyahunun çevrəsində etimadın tam sarsıldığını, ittifaqların “zəhərləndiyini” və Bravermanın artıq “bütün sistemi çatladacaq nöqtə” olduğunu vurğulayırlar.
Xaricdəki görüşlər də izlənib
Açıqlamada diqqət çəkən məqamlardan biri də beynəlxalq səfərlərlə bağlı iddiadır. Qrup bildirir ki, özlərini təyyarələrdə, fərqli zaman qurşaqlarında təhlükəsiz hesab edən şəxslər də yanılır. Onların sözlərinə görə, yüksək səviyyəli xarici görüşlər, özəl təyyarələrdə aparılan söhbətlər və pıçıltı ilə deyilən razılaşmalar da artıq “arxivə daxil edilib”.
“Handala Hack” iddia edir ki, nə məsafə, nə hündürlük, nə də gizli görüşlər onların “eşitməsinə” mane ola bilməz.
Rəsmi reaksiya yoxdur
Hazırda sionist rejim hökuməti və ya Netanyahunun ofisi tərəfindən bu iddialarla bağlı rəsmi açıqlama verilməyib. Haker qrupunun səsləndirdiyi məlumatların doğruluğu müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bununla belə, bəyanat İsrail ictimai-siyasi gündəmində yeni qalmaqal ehtimalını gündəmə gətirib və yaxın saatlarda və ya günlərdə mümkün sızmalarla bağlı gərgin gözlənti yaradıb.
