Keçmiş Fələstinli Məhbuslar Sionist Rejim Həbsxanalarında Cinsi Zorakılıqdan Danışdı

3 Dəq Oxuma Müddəti

Həbsdə zorakılıqla bağlı acı reallıqlar

Sionist rejim həbsxanalarında saxlanılmış iki keçmiş fələstinli məhbus işgəncə, döyülmə və cinsi zorakılıqla bağlı dəhşətli həqiqətləri səsləndirib. BBC-nin araşdırmasına danışan məhbuslar saxlanma müddətində mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını bildiriblər.

İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Tulkərmdən olan, 46 yaşlı keçmiş jurnalist Sami əl-Saei 16 ay müddətində heç bir rəsmi ittiham irəli sürülmədən saxlanıldığını deyib. Onun sözlərinə görə, Megiddo həbsxanasında olduğu müddətdə mühafizəçilər tərəfindən qismən soyundurulub, hər gün döyülüb və bir dəfə rezin dəyənəklə zorlanıb.

“Ölmək istəyirdim ki, hər şey bitsin”

Sami əl-Saei BBC-yə açıqlamasında yaşadıqlarını belə təsvir edib: “Beş-altı nəfər idilər. O an ölməyi arzulayırdım ki, hər şey bitsin. Ağrı təkcə zorlamadan deyil, həm də çox ağır və amansız döyülmədən qaynaqlanırdı”. Onun sözlərinə görə, baş verənlər sistemli xarakter daşıyıb və tək-tük hadisə olmayıb.

Digər məhbusun ifadəsi

BBC-yə danışan və təhlükəsizlik səbəbilə adı dəyişdirilən digər keçmiş məhbus Əhməd də oxşar zorakılıqlara məruz qaldığını bildirib. O deyib ki, çılpaq şəkildə saxlanılıb, döyülüb və it vasitəsilə cinsi təhqir edilib. “Onun nəfəsini hiss edirdim… sonra üzərimə tullandı… qışqırmağa başladım. Nə qədər qışqırsam, bir o qədər çox döyürdülər. Az qala huşumu itirirdim”, – deyə Əhməd bildirib. O, 12 gün sonra azadlığa buraxılıb.

Kütləvi həbslər və hüquq müdafiəçilərinin mövqeyi

Hazırda 9 mindən çox fələstinli sionist rejim həbsxanalarında saxlanılır və onların böyük hissəsi rəsmi ittiham olmadan tutulub. Hüquq müdafiə təşkilatları bu həbslərin və zorakılıqların işğal altında yaşayan fələstinlilərə qarşı genişmiqyaslı repressiya siyasətinin tərkib hissəsi olduğunu bildirir.

Oktyabr ayında işğal altındakı torpaqlarda fəaliyyət göstərən beş hüquq-müdafiə təşkilatı BMT-nin İşgəncələrə Qarşı Komitəsinə birgə hesabat təqdim edib. Hesabatda bütün saxlanma müəssisələrində işgəncə və qeyri-insani rəftarın kəskin şəkildə artdığı, bunun faktiki olaraq dövlət siyasəti səviyyəsində həyata keçirildiyi vurğulanıb.

Ölüm halları və beynəlxalq çağırışlar

Sənəddə 2023-cü ilin oktyabrında Qəzza ilə bağlı müharibənin başlanmasından 2025-ci ilin avqustunun sonunadək sionist rejim nəzarətində olan saxlanma yerlərində ən azı 94 fələstinlinin həyatını itirdiyi qeyd olunub. Sağ qalanlar və hüquq müdafiəçiləri beynəlxalq nəzarət mexanizmlərinin tətbiqini və məsuliyyətin təmin olunmasını tələb edir.

İsrail həbsxana rəhbərliyi isə iddiaları rədd edərək, onların nəzarəti altında bu cür hadisələrin baş vermədiyini iddia edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş