ABŞ-ın Hizbullah və Həmas Silahları İlə Bağlı Yeni Strategiyası

3 Dəq Oxuma Müddəti

ABŞ-ın regional yanaşmasında yeni mərhələ

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın son günlərdə Fələstin ərazilərinə səfəri region mediasında, xüsusilə də ivritdilli mənbələrdə geniş rezonans doğurub. Səfər “həssas” və “kritik” kimi təqdim edilsə də, reallıqda bu ziyarət daha çox məsləhətləşmə və vəziyyətin qiymətləndirilməsi xarakteri daşıyır.

Bəzi sionist rejim mediası səfəri, İsrailə yönəlik “xəbərdarlıq mesajı” kimi qələmə versə də, Livanın “Əl-Əxbar” qəzetinin məlumatına görə, Tom Barrakın əsas məqsədi Təl-Əvivə “qəbul et və ya rədd et” tipli sənədlər təqdim etmək deyil, sionist rejim rəhbərliyinin mövqelərini öyrənmək və onların “qırmızı xətlərini” müəyyənləşdirmək olub.

Bu baxımdan səfər ABŞ-ın klassik “güc diplomatiyası”ndan daha çox, mövcud güc balansına uyğunlaşma və tərəfdaşın reallıqlarını nəzərə alma strategiyasını əks etdirir. Ziyarət eyni zamanda ayın sonunda ABŞ prezidenti Donald Tramp ilə sionist rejimin cinayətkar baş naziri Benyamin Netanyahu arasında planlaşdırılan görüşə zəmin hazırlamaq məqsədi daşıyır.

Qəzza, Livan və Suriya – vahid yanaşma

Tom Barrakın səfərinin strateji əhəmiyyəti ondan ibarətdir ki, Tramp administrasiyası artıq Qəzza, Livan və Suriyanı ayrı-ayrı böhranlar kimi deyil, vahid regional sistemin tərkib hissələri kimi qiymətləndirir. Bu çərçivədə Qəzzada atəşkəsin möhkəmləndirilməsi, Livanda gərginliyin nəzarətdə saxlanılması və Suriyada mövcud hakimiyyətin sabitliyi ABŞ-ın geniş regional planlarının ayrılmaz hissəsi kimi dəyərləndirilir.

Silah məsələsində yeni formul

Səfərin ən diqqətçəkən məqamlarından biri Həmas və Hizbullahın silahları ilə bağlı ABŞ-ın yanaşmasının dəyişməsidir. Son günlər region və Qərb mediasında yayılan məlumatlara görə, Vaşinqton bu təşkilatların tam silahsızlaşdırılmasının hazırkı şəraitdə real olmadığını qəbul edib.

Yeni yanaşmaya əsasən, diqqət “silahların ləğvi”ndən “silahdan istifadənin qarşısının alınması”na yönəlib. Bu isə ABŞ-ın həm Fələstin, həm də Livanda müqavimət qüvvələrinin hərbi potensialını məhdudlaşdırmaq üçün nəzarət və çəkindirmə mexanizmləri yaratmaq niyyətini ortaya qoyur.

İsrailin narahatlığı və ziddiyyətlər

İsrail mediası bu yanaşmanı xüsusilə Qəzza zolağı baxımından riskli hesab edir. Çünki bu strategiya atəşkəsin ikinci mərhələsinə keçidi, sionist rejim qüvvələrinin Qəzzanın bir hissəsindən çıxmasını və beynəlxalq qüvvələrin yerləşdirilməsini gündəmə gətirə bilər. Bu isə İsrailin mövcud mövqeyi ilə üst-üstə düşmür.

Analitiklərin fikrincə, bu ziddiyyətlərin təkcə ABŞ nümayəndələrinin səfərləri ilə həll olunması mümkün deyil və əsas qərarların Netanyahu–Tramp görüşündə verilməsi gözlənilir.

Suriya dosyesi ön planda

Səfərin gündəmində Suriya məsələsi də mühüm yer tutur. Mesaj aydındır: Tramp administrasiyası Suriyanı regional tənlikdən kənarda qoymaq niyyətində deyil və Dəməşqdə mövcud hakimiyyətin sabitliyini ABŞ və İsrailin gələcək regional planlarının əsas elementi kimi görür.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş