“The New York Times”a qarşı beynəlxalq boykot
Dünyanın müxtəlif ölkələrindən 300-dən çox yazar, tədqiqatçı və ictimai xadim “The New York Times” qəzetinin redaksiya siyasətinə etiraz olaraq qəzetin “Rəy” bölməsində yazı dərc etdirməkdən imtina edib. Onlar bu addımı qəzetin Qəzzada davam edən soyqırımda dolayısı ilə iştirakına etiraz kimi atdıqlarını bildiriblər.
Kampaniya təşkilatçılarının yayımladığı bəyanatda qeyd olunur ki, Qərb dövlətləri və onların media qurumları, xüsusən də “The New York Times”, İsrailin Qəzzada törətdiyi insanlıq cinayətlərinin davam etməsində məsuliyyət daşıyır.
“Qəzzadakı soyqırım dayandırılmalı idi”
Açıqlamada vurğulanır ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların soyqırım kimi tanınması beynəlxalq müdaxiləyə səbəb olmalı idi. Lakin ABŞ iki il ərzində bu müharibədə İsrailin əsas tərəfdaşı kimi çıxış edib, ona silah-sursat təmin etməklə qırğınların davamına şərait yaradıb.
Kampaniya iştirakçıları bildiriblər ki, ABŞ mediası, xüsusilə “The New York Times”, bu prosesdə mühüm rol oynayıb və ictimai rəyin formalaşdırılmasında İsrailin mövqeyini dəstəkləyib.
“Bu qəzet ABŞ-ın xarici siyasətinə dair ictimai konsensusu müəyyənləşdirir. Qərb mediasındakı redaktor və prodüserlər məhz onun yanaşmasından ilham alır,” – deyə bəyanatda qeyd olunur.
“Qəzet İsraillə əməkdaşlıq edib”
Yazarlara görə, “The New York Times” Qəzzadakı hadisələri işıqlandırarkən tərəfsizlik prinsipini pozub, İsrail rəsmilərinin yalan bəyanatlarını təkrarlayıb və xəbərləri İsrail konsulluğunun və sionist lobbilərin tələblərinə uyğun şəkildə dəyişdirib.
Məlumatda qeyd edilir ki, qəzet rəhbərliyi müxbirlərinə “soyqırım”, “etnik təmizləmə” və “qətliam” kimi ifadələrdən istifadə etməməyi tapşırıb, həmçinin Qəzzadakı qaçqın düşərgələrinin İsrail hücumlarının hədəfi olduğunu qeyd etməyi yasaqlayıb.
Həmçinin bildirilib ki, qəzetin rəhbər şəxsləri və baş redaktorları İsrail rəsmiləri və ABŞ-dakı sionist lobbilərlə yaxın əlaqələr saxlayır, müsəlman və ərəb jurnalistlər isə iş yerində ayrı-seçkiliyə məruz qalırlar.
“Tarixi məsuliyyət daşıyır”
Kampaniya iştirakçıları “The New York Times”ın İsrailin Qəzzadakı hərbi cinayətlərinə bəraət qazandırmaq cəhdini kəskin tənqid ediblər:
“Biz qəzetin tarixi məsuliyyətini danmasına və öz arxivlərində sionizmin 1948-ci ildən əvvəlki gerçək tarixini silməsinə icazə verə bilmərik,” – deyə bəyanatda qeyd olunub.
İştirakçılar qəzetin redaksiya siyasətini dəyişməyə, obyektiv jurnalistikanın prinsiplərinə qayıtmağa və Qəzzada baş verən insanlıq cinayətlərini gerçək şəkildə işıqlandırmağa çağırıblar.
