İsraildə “Şabak” böhranı: David Zeninin təyinatı mübahisə yaratdı
İsrail mediasının məlumatına görə, baş nazir Binyamin Netanyahunun David Zenini İsrail Təhlükəsizlik Xidmətinə (“Şabak”) rəhbər təyin etmək planı daxildə kəskin etirazla qarşılanıb.
Məlumata əsasən, “Şabak”ın 260-dan çox keçmiş rəhbəri və yüksəkvəzifəli əməkdaşı LGrunis Komissiyasına müraciət edərək bu təyinatın “İsrail üçün böyük təhlükə” yaradacağını bildirib.
Etirazların səbəbi: siyasi bağlılıq və məhkəmə mövqeyi
Etiraz məktubunda qeyd olunub ki, Zeninin Netanyahu ilə şəxsi əlaqələri, məhkəmə sistemi barədə mübahisəli açıqlamaları və qanuni məhdudiyyətlərə baxmayaraq vəzifəni qəbul etməyə hazır olması “Şabak”ın müstəqilliyini ciddi şəkildə zədələyir.
Məktub müəllifləri xəbərdarlıq ediblər ki, əgər yeni rəhbər hökumət başçısının qərarlarını Ali Məhkəmənin və baş məsləhətçinin rəyindən üstün tutarsa, bu, İsraildə onsuz da zəif olan “demokratiyanın sütunlarını sarsıdacaq”.
Netanyahu təyinatı müdafiə edir
Baş nazir Netanyahu isə iddia edir ki, “Şabak”ın daimi rəhbərinin təyin edilməsi vacibdir, çünki hazırkı müvəqqəti rəhbərin səlahiyyət müddəti 21 sentyabrda başa çatır.
O, Zeninin seçimini 7 oktyabr hücumlarının yaratdığı böhranın öhdəsindən gəlmək üçün yeni rəhbərliyə ehtiyac olduğu ilə əsaslandırıb və “qurumun daxili dairələrindən kənar liderlik” istədiyini bildirib.
İsrail daxilində dərin parçalanma
Zeninin təyinatı ətrafındakı mübahisə İsraildə siyasi və təhlükəsizlik institutları arasındakı parçalanmanın dərinliyini göstərir. Tənqidçilərə görə, bu məsələ təkcə idarəetmə məsələsi deyil, həm də Netanyahunun ən həssas təhlükəsizlik qurumlarından birinə siyasi nəzarətini gücləndirməsi cəhdidir.