Nüvə sənayesində təhlükəli azalma tendensiyası
“Qlobal Nüvə Sənayesinin Vəziyyəti” adlı hesabatda bildirilir ki, 2024-cü ildə rekord həddə çatmış qlobal nüvə enerjisi istehsalını növbəti illərdə qorumaq çətin olacaq. Səbəblər arasında investisiya çatışmazlığı, mövcud stansiyaların köhnəlməsi və yeni layihələrin gecikməsi göstərilir.
Məlumatlara görə, 2024-cü ildə nüvə enerjisi istehsalı 2677 teravat/saat təşkil edərək tarixi zirvəyə yüksəlib. Bu artım əsasən Çinin nüvə energetikasındakı inkişafı ilə bağlıdır.
44 yeni layihəyə ehtiyac var
Hesabatda qeyd olunur ki, mövcud vəziyyət sabit saxlanılmaq istənilirsə, 2030-cu ilə qədər dünyada 44 yeni nüvə layihəsi reallaşdırılmalıdır. Bu, son onilliklə müqayisədə layihələrin illik başlama tempinin təxminən 2,5 dəfə artırılması deməkdir.
Bununla yanaşı, nüvə stansiyalarının köhnəlməsi, yeni layihələrin ləngiməsi və bərpa olunan enerji mənbələrinin inkişafı səbəbindən regional elektrik istehsalı paylarında azalma riski var.
Xərclərdə fərqli meyllər
Hesabatda diqqətə çatdırılır ki, 2024-cü ildə batareya istehsalının dəyəri təxminən 40% ucuzlaşıb. Əksinə, nüvə stansiyalarının tikinti xərcləri isə yüksəlməyə davam edir. Bu vəziyyət, nüvə enerjisinin hazırda dünya elektrik istehsalında tutduğu 9%-lik payının azalması ilə nəticələnə bilər.
Çin və Rusiyanın üstünlüyü
2020-ci ildən 2025-ci ilin ortalarınadək həyata keçirilən 45 nüvə layihəsindən 44-ü Çin və Rusiya dövlət şirkətləri tərəfindən başlanan layihələr olub. Bu layihələr arasında Misir və Türkiyə kimi ölkələr də var.
ABŞ-ın yeni yanaşması
Bir çox ölkə fosil yanacaqlardan uzaqlaşmaq üçün nüvə enerjisinə üstünlük verməyə çalışır. ABŞ son dövrlərdə nüvə enerjisini öz enerji siyasətinin əsas sütununa çevirmək üçün fəal addımlar atıb. Bunun üçün müxtəlif ölkələrlə əməkdaşlıq sazişləri imzalanıb.