2026-cı İlin Büdcəsində Artım Və Kəsir: Neft Gəlirləri Azalır, Vergilər Artır

4 Dəq Oxuma Müddəti

2026-cı il üçün icmal büdcənin ümumi mənzərəsi

2026-cı il üzrə icmal büdcənin gəlirləri 44 milyard 969,4 milyon manat, xərcləri isə 48 milyard 839,3 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə gəlirlərdə 2,3 faiz, xərclərdə isə 2,5 faiz artım deməkdir.

Bununla belə, icmal büdcədə 3 milyard 870 milyon manatlıq kəsir nəzərdə tutulur. İcmal büdcəyə Dövlət Büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İcbari Tibbi Sığorta Fondu və İşsizlikdən Sığorta Fondu daxildir.

Neft transfertləri azalır, vergi gəlirləri artır

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat olacaq. Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə cəmi 0,7 faiz artım deməkdir. Neft Fondundan transfertlərdə ciddi azalma gözlənilir — 12 milyard 835 milyon manat, yəni 2025-ci ilə nisbətən 12,8 faiz az.

Əvəzində, vergi daxilolmaları 8,2 faiz artacaq. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 milyard 910 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə isə 6 milyard 862 milyon manat olacaq.

Vergi daxilolmalarında əsas pay fiziki şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV)hüquqi şəxslərin mənfəət vergisi üzrə formalaşacaq. Fiziki şəxslərin gəlir vergisinə dair güzəştlərin ləğvi sayəsində bu istiqamətdə 390 milyon manat əlavə gəlir əldə ediləcəyi gözlənilir.

ƏDV üzrə ciddi artım, mədən vergisində azalma

Əlavə dəyər vergisindən daxilolmaların 4 milyard 466 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 16 faiz çoxdur. Hüquqi şəxslərin mənfəət vergisindən gəlirlər 6 milyard 580 milyon manat olacaq.

Digər tərəfdən, neft hasilatının azalması nəticəsində mədən vergisindən daxilolmalar 151 milyon manata düşəcək – bu da 6 faiz azalma deməkdir.

Dövlət müəssisələrinin dividend ödəmələri azalır

Səhmlərində dövlətin payı olan müəssisələrdən əldə olunan dividendlər 2026-cı ildə 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 2 faiz azdır. Azalmanın əsas səbəbi dövlətin bəzi banklardakı səhm payını azaltması və bu müəssisələrin mərhələli şəkildə özəlləşdirilməsidir.

Müdafiə, təhlükəsizlik və sosial xərclər artır

Dövlət büdcəsinin xərcləri 2026-cı ildə 41 milyard 703,6 milyon manat səviyyəsində gözlənilir. Cari xərclərdə 1,6 faiz artım, sosial müdafiə və təminat xərclərində isə 2,5 faiz artım proqnozlaşdırılıb.

Müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 714 milyon manat olacaq – bu, 2025-ci ilə nisbətən 3,7 faiz çoxdur. Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri isə 3 milyard 343 milyon manat səviyyəsində müəyyən edilib.

Təhsil və səhiyyədə cüzi artım, “JEK” xərcləri azalır

Təhsil xərcləri 5 milyard 15 milyon manat, səhiyyə xərcləri isə 2 milyard 24 milyon manat təşkil edəcək. Hər iki istiqamətdə artım 2 faizdən azdır və əməkhaqqı artımı nəzərdə tutulmur.

Mənzil-kommunal təsərrüfat xərcləri isə 10,6 faiz azaldılaraq 334,5 milyon manata endirilib.

Büdcə kəsiri və borc öhdəlikləri

2026-cı ilin dövlət büdcəsinin kəsiri 3 milyard 94 milyon manat olacaq. Dövlət borcu və öhdəliklərinin icrası üçün 2 milyard 457 milyon manat vəsait ayrılması planlaşdırılır.

Maliyyə Nazirliyinin açıqlamasına görə, əsaslı xərclər 14 milyard 84,8 milyon manat, dövlət investisiyaları isə 2,7 milyard manat səviyyəsində proqnozlaşdırılıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş