Hökumət qeyri-neft gəlirlərinə fokuslanır
Azərbaycan hökumətinin təqdim etdiyi 2026-cı il dövlət büdcəsi layihəsi ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Maliyyə Nazirliyinin açıqladığı göstəricilər göstərir ki, neft-qaz gəlirlərinin azalması fonunda büdcənin sabitliyini qorumaq məqsədilə hökumət qeyri-neft sektorundan vergi daxilolmalarını artırmağa yönəlib.
Bunun üçün Vergilər Məcəlləsinə bir sıra dəyişikliklər edilib və gələn ildən etibarən bəzi əsas vergi növlərində ciddi artımlar gözlənilir.
ƏDV və sadələşdirilmiş vergi artır
Layihəyə əsasən, Əlavə Dəyər Vergisi (ƏDV) üzrə daxilolmaların 2026-cı ildə 10,7 faiz artaraq 9,2 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 890 milyon manat çoxdur. Sadələşdirilmiş vergi üzrə daxilolmaların isə 5,9 faiz artacağı gözlənilir.
İqtisadçılar bu artımı daxili istehlakın və nağdsız ödənişlərin genişlənməsi ilə izah edirlər.
Ən kəskin artım – yol vergisində
2026-cı ildə yol vergisi üzrə daxilolmaların 2,7 dəfə artacağı planlaşdırılır. Gələn il bu mənbədən 394,4 milyon manat vəsait gözlənilir.
Əsas dəyişiklik yanacaqla bağlıdır: Vergilər Məcəlləsinə görə, avtomobil benzini, dizel yanacağı və maye qaza tətbiq edilən yol vergisi hər litr üçün 0,02 manatdan 0,07 manata qaldırılır. Bu artım həm yerli istehsal, həm də idxal olunan yanacağa şamil olunur.
Ekspertlərin hesablamalarına əsasən, bu addım yanacaq qiymətlərinə birbaşa təsir edəcək.
İdxal aksizləri də artır
Bundan əlavə, idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergiləri 26,5 faiz artırılacaq. 2026-cı ildən istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz məbləği benzin mühərrikli avtomobillərdə 1,5, dizel mühərrikli avtomobillərdə isə 2 əmsalı ilə hesablanacaq.
Bu dəyişiklik aksiz gəlirlərini 185 milyon manatdan 234 milyon manata yüksəldəcək.
“Yol vergisi 5 qəpik artdısa, benzin ən azı 10 qəpik bahalaşacaq”
İqtisadçı Toğrul Vəliyev bu artımların nəticəsində istehlakçıların üzərindəki qiymət yükünün artacağını bildirir. Onun sözlərinə görə, dolayı vergilərin çoxalması ƏDV yığımlarını nominal olaraq artırsada, bu, əhalinin gəlirlərinə mənfi təsir göstərəcək.
Ekspert qeyd edir ki, yanacaq qiymətləri iqtisadiyyatın bütün sahələrinə təsir edir:
“Azərbaycan iqtisadiyyatı avtomobil daşımalarından asılıdır. Yanacağın qiyməti artdıqda bütün məhsulların qiyməti də yüksəlir. Yol vergisi 5 qəpik artırılıbsa, benzin və dizel ən azı 10 qəpik bahalaşacaq. Bu da bazardakı ümumi qiymət artımına əlavə dəstək deməkdir.”
Toğrul Vəliyev bildirir ki, bu bahalaşma nəticəsində dövlət büdcəsinin gəlirləri artsa da, əhalinin alıcılıq qabiliyyəti zəifləyəcək və inflyasiya təzyiqi daha da güclənəcək.
Nəticə
2026-cı il büdcəsi göstərir ki, hökumət neft gəlirlərinin azalmasını kompensasiya etmək üçün vergi siyasətini sərtləşdirir. Lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, bu, əhali üçün əlavə qiymət yükü və sosial gərginlik riski yarada bilər.
