Büdcə rəqəmləri və artan kəsir
Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə görə, 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,5 milyard manat təşkil edəcək. Beləliklə, büdcə kəsiri 3,1 milyard manata çatacaq ki, bu da ötən illə müqayisədə 74 milyon manat çoxdur.
Büdcə gəlirlərinin əsas mənbələri Dövlət Vergi Xidməti (16,8 milyard manat), Dövlət Gömrük Komitəsi (6,8 milyard manat) və Dövlət Neft Fondundan transfertlər (12,7 milyard manat) olacaq.
Vergi daxilolmalarında nəzərdə tutulan artımlar
Proqnozlara əsasən, 2026-cı ildə ən böyük artım fiziki şəxslərin gəlir vergisində gözlənilir – 22,5%. Hüquqi şəxslərin mənfəət vergisindən 3,6%, ƏDV-dən 15,3%, yol vergisindən isə rekord həcmdə – 44,7% artım nəzərdə tutulub.
Əksinə, aksizlərdə (−11,7%), mədən vergisində (−6%) və hüquqi şəxslərin əmlak vergisində (−4,4%) azalma proqnozlaşdırılır.
Vergi güzəştləri ləğv olunacaqmı?
Ən çox müzakirə olunan məsələ 2019-cu ildən tətbiq edilən əməkhaqqına vergi güzəştlərinin taleyidir. Həmin dəyişikliyə əsasən, özəl sektorda maaşların 8000 manata qədər olan hissəsi gəlir vergisindən azad edilmişdi. Bu güzəşt 2026-cı il yanvarın 1-dən sonra qüvvədən düşə bilər.
Əgər uzadılmasa, maaşların ilk 2500 manatından 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% vergi tutulacaq. Beləliklə, özəl sektorda da dövlət sektorunda tətbiq olunan qaydalar qüvvəyə minəcək. Bu isə xüsusilə az maaşlı işçilər üçün ciddi gəlir itkisi deməkdir.
Sahibkarların narahatlığı
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, vergi daxilolmalarında proqnozlaşdırılan artımın əsas yükü maaşlardan tutulan vergilərin üzərinə düşəcək. Onun sözlərinə görə, sahibkarların çoxu əməkdaşlarının maaşlarını artırmağa məcbur olacaq, bəziləri isə yenidən “qara mühasibat”a qayıdacaq.
Ekspert hesab edir ki, vergi orqanları plan göstəricilərinə nail olmaq üçün bəzən əsassız vergi hesablamaları ilə sahibkarları çətin vəziyyətə sala bilər:
“Vergi orqanı əsassız tələblə sahibkarın hesabına həbs qoya, məhkəmə prosesləri isə illərlə uzana bilər”.
İqtisadçıların ehtimalları
İqtisadçı Toğrul Vəliyev hesab edir ki, güzəştin ləğvi dövlət büdcəsinə ən azı 3 milyard manat əlavə gəlir gətirə bilər. Lakin bu, işçilərin sərəncamında qalan vəsaitin azalmasına və real gəlirlərin enməsinə səbəb olacaq.
Ekspertin fikrincə, hökumət bir neçə variantı nəzərdən keçirə bilər:
-
Güzəşti tam ləğv edib yeni azadolma məbləği tətbiq etmək,
-
Güzəştin müəyyən hissəsini saxlamaq,
-
Yuxarı vergi baryerini hamı üçün artırmaq,
-
Və ya maaş artımlarını dayandırmaqla yükü işçilərin üzərinə yönəltmək.
2026-cı ildən əməkhaqlarına vergi yükünün artması həm işçilər, həm də sahibkarlar üçün ciddi sınaqlar yaradacaq. Güzəştlərin taleyi hələlik qeyri-müəyyəndir. Əgər onlar ləğv edilərsə, əmək bazarında qeyri-rəsmi əməkhaqlarının yenidən artacağı, işsizliyin çoxalacağı və iqtisadi aktivliyin zəifləyəcəyi istisna olunmur.