38 avtobus məhbusları azadlığa aparır
Fələstinli məhbuslarla bağlı məlumat bürosu ilk avtobusun Qəzzadan yola düşdüyünü, ümumilikdə 38 avtobusun azad edilən məhbusları daşıyacağını açıqlayıb. Qalan avtobusların bir hissəsi artıq İordan çayının qərb sahilindəki Ramallaha çatıb.
Məlumata görə, on illərlə İsrail zindanlarında saxlanılan bir çox məhbus azad edilib. Eyni zamanda, 154 fələstinli azad edilmiş məhbusun məcburi şəkildə deportasiya olunacağı bildirilib.
Büro rəsmisinin sözlərinə görə, İsrail tərəfi bir çox razılaşmadan yayınmağa çalışsa da, müqavimət hərəkatı siyahıda yer alan bütün məhbusların adlarının saxlanmasında israr edib.
Qəzzada və Ramallahda izdihamlı qarşılama
“Əl-Məyadin”in Qəzza müxbiri xəbər verib ki, minlərlə insan Xan Yunis şəhərində azad edilmiş məhbusları qarşılamaq üçün toplaşıb. Həmas və İslami Cihad hərəkatlarının bayraqları qaldırılıb, izdiham “azadlıq” şüarları səsləndirib.
Eyni zamanda, Ramallahda yerləşən Mədəniyyət Sarayında da böyük qarşılanma mərasiminə hazırlıq görülüb. Qərb sahilinə çatan avtobuslar izdihamlı kütlə tərəfindən alqışlarla qarşılanıb.
İsrail azadlığa buraxılanları susdurmağa çalışır
“Reuters” agentliyinin məlumatına görə, 1966 məhbus səhər saatlarından etibarən İsrail həbsxanalarından avtobuslarla çıxarılıb, onlardan 250 nəfəri ömürlük həbs cəzası almış şəxslərdir.
Lakin işğalçı rejim azadlıq sevincini boğmağa çalışır. İsrail kəşfiyyatı azad ediləcək məhbusların ailələrini təhdid edərək, onların hər hansı bayram tədbiri keçirməsini qadağan edib.
Qüdsdəki “Vadi Hilva” Məlumat Mərkəzinin vəkili Səraj Əbu Arfə bildirib ki, ailələr “toplaşmamaq, bayram etməmək və izdiham yaratmamaq” barədə sənədlərə imza atmağa məcbur edilib.
Ramallah yaxınlığındakı “Ofer” həbsxanası qarşısında isə azad edilən məhbuslarını gözləyənlərə atəş açılıb, bir gəncin yaralandığı bildirilib.
HƏMAS: “İşğalçı rejim sonda şərtlərimizə boyun əydi”
HƏMAS hərəkatı bəyan edib ki, “mübariz fələstinli məhbusların, o cümlədən ömürlük məhkumların azadlığı, xalqımızın qəhrəman müqavimətinin nəticəsidir.”
Hərəkat vurğulayıb ki, iki illik soyqırım və dağıntı siyasətinə baxmayaraq, İsrail nə hərbi, nə də siyasi yolla öz əsirlərini azad edə bildi və sonda müqavimətin irəli sürdüyü şərtləri qəbul etməyə məcbur oldu.
HƏMAS bildirib ki, “İsrail hərbçilərinin geri qayıdış yolu yalnız müqavimət vasitəsilə aparılan məhbus mübadiləsi və soyqırımın dayandırılması ilə mümkündür.”