19 Ramazan: Həzrət İmam Əlinin (ə) Yaralandığı Gecə

3 Dəq Oxuma Müddəti

Qədr gecəsinin İslamda xüsusi yeri

İslam mədəniyyətində Qədr gecəsi ilin ən fəzilətli və müqəddəs gecələrindən biri hesab olunur. İslam mənbələrinə görə, bu gecədə insanların gələcək bir il üçün taleyi müəyyən edilir.

Rəvayətlərə əsasən, Qurani-Kərim də məhz Qədr gecəsində Həzrət Muhəmməd Peyğəmbərin (s) qəlbinə nazil olmuşdur. Quranda “Qədr” surəsi də bu gecənin əhəmiyyətini vurğulayır.

İslamda Qədr gecəsi Ramazan ayının 19, 21 və ya 23-cü gecələrindən biri hesab olunur. Əhli-sünnə mənbələrində isə daha çox Ramazanın 27-ci gecəsi Qədr gecəsi kimi qəbul edilir.

Bu gecə ibadət, dua, Quran tilavəti və gecəni oyaq keçirərək Allahdan bağışlanma diləmək üçün xüsusi əhəmiyyət daşıyır.

Qədr gecəsinin fəzilətləri

Qurani-Kərimdə Qədr gecəsi böyük fəzilətə malik gecə kimi təqdim edilir. İslam alimlərinin izahına görə, bu gecənin bir sıra xüsusi üstünlükləri var:

  • Qurani-Kərim bu gecədə nazil olmuşdur.

  • Bu gecədə edilən ibadət min aydan daha üstün sayılır.

  • İlahi mərhəmət və bərəkətlər nazil olur.

  • Mələklər və Ruh yer üzünə enir.

  • İnsanların bir illik taleyi müəyyən edilir.

İslam mənbələrində qeyd olunur ki, bu gecədə edilən dua və ibadətlərin savabı çox böyükdür.

19 Ramazan: Həzrət İmam Əlinin (ə) yaralandığı gün

19 Ramazan gecəsi həm də İslam tarixində çox mühüm hadisə ilə yadda qalıb. Bu gecə Həzrət Əli ibn Əbu Talib (ə) Kufə məscidində namaz qılarkən zərbə almışdır.

Tarixi mənbələrə görə, xəvaric qrupuna mənsub olan Əbdürrəhman ibn Mülcəm ( Allahın Lənəti Olsun Ona) Həzrət Əliyə (ə) sui-qəsd etmişdir.

İbn Mülcəm Kufəyə gələrək Ramazan ayının 19-cu gecəsi Kufə məscidində pusqu qurmuşdu.

Kufə məscidində baş verən hadisə

Həmin gecə Həzrət İmam Əli (ə) qızı Ümmü Gülsümün evində qonaq idi. Rəvayətlərə görə, o gecə Həzrət İmam Əli (ə) tez-tez səmanı seyr edir və şəhadət gecəsinin yaxınlaşdığını bildirirdi.

Sübh namazı üçün Kufə məscidinə daxil olan Həzrət İmam İmam Əli (ə) insanları namaza oyadıb və mehraba keçərək namaza başlamışdır.

Namaz əsnasında İbn Mülcəm qışqıraraq qılıncla Həzrət İmam Əlinin (ə) başına zərbə endirmişdir. Rəvayətlərə görə, Həzrət İmam Əli (ə) həmin anda belə demişdir:

“Fuztu və Rabbil-Kəbə” — “Kəbənin Rəbbinə and olsun ki, nicat tapdım”.

Həzrət İmam Əlinin (ə) şəhadəti

Həzrət İmam Əli (ə) aldığı ağır yaradan iki gün sonra, Ramazan ayının 21-də şəhid olmuşdur.

Onun şəhadəti İslam tarixində böyük kədərli hadisələrdən biri hesab olunur. Həzrət İmam Əli (ə) ədalətli rəhbər, yetimlərin himayədarı və İslamın ən böyük şəxsiyyətlərindən biri kimi tanınır.

Onun həyatı və şəhadəti müsəlmanlar üçün ədalət, iman və fədakarlıq nümunəsi olaraq qəbul edilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş